Yaxşı Insan

Mənim bir şəhərim var
Yaşıllıqları kimi yaxşılıqları süni
Mərməri kimi insanları sürüşkəndir
Mənim bir şəhərim var
Küçədəki itlər burada səni
Dar gündə qoyub getməz
Necə bunu edir dostlar?!
Mənim bir şəhərim var
Baxışı qışdan soyuq
Bəzəklərini bir günə
Qabıqtək yağışlar soyur
Yaxınlar səni ləkələyir
Qohumlar yalan yaxır
Qonşular qiybət edir
Adını içdən danışmaq qoyub
Mənim bir şəhərim var
Sən öldükcə sənin ömrün uzanır
Adını tarix edir sağkən üzünə baxmayanlar belə
Mələk üzlü qızlar varlı şeytanla yatağa uzanır
İrəli gedir burada bircə addım atmayanlar belə
Mənim bir şəhərim var ki
Dənizində canlar gizli
Varlılar yalan danışır çox vaxt
Ən kasıblar düz deyir
Və hər kəs susub batan gəmini həyəcanla izləyir
Bu şəhər satıb ruhunu Azərbaycandan gizli
Doğulur hər gün yenə
Dünən ölüb gedən ümidlərim
Qayıdar ruhu bu şəhərin
Yeni-yeni səhvlər olmasa
Boğulur dalğalar içində
Sevgilər yenə dərindədir
Şirin yuxularında şəhərin
Hamı olacaq yaxşı insan
Biz yaxşı insanlarıq
Ayda bir dəfə dilənçiyə pul verdiyimiz üçün
Düzgünlük haqqında sətirlər əzbər bildiyimiz üçün
Alnımız açıq, təmiz, biz yaxşı insanlarıq
Sosial şəbəkələrdə vətəni sevdiyimiz üçün
Yaxşılıq eləyirik xəstələrin şəklin paylaşmaqla
Sevgilimiz atıb gedəndə dalca danışmaqla
Biz yaxşı insanlarıq... bizləri yaxşı edən
Unutqan olub, unutqanlığımızla barışmaqdır
Şəhidlər Xiyabanına ildə bir dəfə getsək belə
Yanından hər keçəndə musiqini azaltdığımız üçün
Biz yaxşı insanlarıq... bizi incitsələr belə
Biz heç kimi incitmirik vuruşaraq azadlığımız üçün
Biz yaxşı insanlarıq
Valideynləri sevdiyimiz üçün
Onları qocalanda çox vaxt atıb getsək belə
Biz yaxşı insanlarıq
Ədaləti sevdiyimiz üçün
Bərpası lazım olanda susub yatsaq belə
Doğulur hər gün yenə
Dünən ölüb gedən ümidlərim
Qayıdar ruhu bu şəhərin
Yeni-yeni səhvlər olmasa
Boğulur dalğalar içində
Sevgilər yenə dərindədir
Şirin yuxularında şəhərin
Hamı olacaq yaxşı insan



Credits
Writer(s): Orkhan Zeynalli
Lyrics powered by www.musixmatch.com

Link